Azərbaycanda

IX əsrdə Zaqatala dairəsini ziyarət etmiş səyahətçi Fon-Potto yerli təbiəti belə təsvir etmişdir: "Buraların sıx meşəliklərinə girən insan yekə palıd, fıstıq ağaclarını, nəhəng şabalıd, qoz, fındıq, yalançıçinar, göyrüş, cökə, piramida şəkilli qovaq və ağcaqovaq ağaclarını; əzəməti, qaməti və böyüklüyü ilə adamı valeh edən söyüd ağaclarını gördükdə, heyrətdən lal-dinməz qalır. Ağaclar arasında şırıl-şırıl axan gümüşü kiçik bir çay sayrışır, uzaqdan dağ çayının uğultusu gəlir". Burdakı təbiətə heyran qalmış səyahətçi, kitabının bir neçə səhifəsini onun tərənnümünə həsr etmişdir.

Qafqaz bizi təkraredilməz gözəlliyi ilə heyrətləndirir. Bu yerlərin təbiəti çox qəşəng, rəngarəng və müxtəlifdir. Burada sükut hökm sürür. Buranın təmiz və sərin havasında adam rahat nəfəs alır. Saxurlar min illərdir ki, təbiətlə həmahəng yaşayırlar. Dağıstanda saxur kəndlərinin yerləşdiyi bölgədə,Samur çayının yuxarılarında, 2000-2500 metr hündürlüyündə subalp çəmənliklər başlayır, arabir meşəliyə rast gəlinir. Çəmənliklərdə müalicəvi otlar: yonca, kəklikotu, zirə, astraqal, dazı, çobanyastığı, boymadərən və pişikotu bitir. Buralarda bir çox dağ heyvanı yaşayır.

Azərbaycanın təbiəti Dağıstanın təbiətindən bir az fərqlidir. Saxurların "Qal" adlandırdığı Alazan vadisinin münbit torpağında qoz, fındıq, şabalıd, palıd, vələs, qarağac, müxtəlif meyvə ağacları və müalicəvi bitkilər bitir. Buradakı meşələrdə dağkeçisi, qaban, ayı kimi cürbəcür heyvanları; qartal və çalağan kimi quşları görmək olar. Burada Zaqatala və İlisu dövlət qoruqları vardır. Çox gözəl təbiət, sağlam iqlim, təmiz bulaqlar, memarlıq abidələri turist və istirahət edənləri cəlb edir. Buranın əhalisini saxurlar, azərbaycanlılar, avarlar, ləzgilər, laklar, udilər, rutullar, gürcülər və b. xalqlar təşkil edirlər.

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.