Zərdüştilik, xristianlıq və islam. Bu dinlər minilliklər boyunca saxurların həyatında bir-birini əvəz edərək, demək olar ki həyatın bütün sahələrində iz buraxmışdır.
Qədim zamanlarda saxurlar oda sitayiş edirdilər. Bu inanc saxur dilində - bəzi ritual sözlərində, and və qarğışlarda - öz əksini tapmışdır. Məsəl
ən, "Al duvag`ık ts`a q`ixan" qarğışının tərcüməsi: "Qoy toy çələngin yansın!"; "Vereq`ena`q`k`a`lla" andının mənası da "Günəşə and olsun!".
O dövrdən qalmış bir çox ibadətgahlar da birbaşa zərdüştiliklə bağlıdır.
Saxurların Mamrux kəndində yerin tanrısı Spenta-Armaytinin məbədi vardır. Qalanın içərisində yerləşən bu məbəd dairəvi formadadır. Sabunçi kəndinin yaxınlığında zərdüştiliyin digər abidəsinin xarabaları qalmışdır. Hazırda buna "Şeytan Q`ala" deyirlər. Ələsgər kəndində odu idarə edən "Aşa Vaxuşta" adlı tanrının məbədinin xarabalarını, Yuxarı Çardaxlar kəndində isə "Nşatra Vairya" adlı göy tanrısı məbədinin xarabalarını görmək olar (kəndin adı - Yuxarı Çardaxlar - Nşatra, yaxud Çarta adından əmələ gəlmişdir). Zərdüştiliyin ardıcılları, bir "əsas" tanrının və onun tabeliyində bütün dünyanı idarə edən altı "məşəl" tanrısının var olduğuna inanırdılar. Çox güman ki, o bölgədə atəşpərəstlərin daha iki məbədi - başqa iki tanrının məbədləri olmalı idi, ancaq hal-hazırda bunlar barədə hələlik məlumat yoxdur.
313-cü ildə saxurlar xristianlığı qəbul etmişlər. IV-VII əsrlər Qafqaz Albaniyasının tərəqqi dövrü sayılır. Bu ölkənin dövlət dini xristianlıq olduğundan, məbəd, kilsə və monastırların tikilməsinə böyük əhəmiyyət verilirdi. Buralarda bu günə qədər çoxlu qədim alban kilsələrinin xarabaları qalmışdır. Ləkit kəndində tikilmiş və "Yeddi kilsə" adlanan qəsr kompleksi bu dövrə aiddir. Hazırda ondan sadəcə xarabalar qalsa da, bu yerlər hələ də alim və turistləri cəlb etməkdədir. Qum kəndində də V əsrə aid bir kilsə binası qalmışdır.
Saxurların islamı qəbul etməsi eyni zamanda olmamışdır: Azərbaycanda yaşayanlar VIII əsrin əvvəllərində, Dağıstanda yaşayanlar isə X-XI əsrlərində islamı qəbul etmişlər. Həm Dağıstanda, həm də Azərbaycanda saxurların yaşadığı yerlərdə islam dini ilə bağlı olan bir çox ibadətgahlar qalmışdır. Dağıstanın Tsaxur, Mişleş və Gelmets aullarında məscid və minarələrin tikilməsi barəsində kufi xəttilə yazılmış qədim ərəb yazıları tapılmışdır. Azərbaycanda İlisu, Qalal, Sabunçi kəndlərində daha təzə, XVII, XVIII və XIX əsrlərə aid olan məscidlər qalmışdır.
Bundan əlavə, saxurların yaşadıqları yerlərdə bir çox müqəddəs ziyarətgahlar da mövcuddur.